Sevda Yahyayeva: "Çox elçilər gəldi, amma mən ərə getmədim" » Qaynar xəbərlərin tək ünvanı

» » » Sevda Yahyayeva: "Çox elçilər gəldi, amma mən ərə getmədim"

Sevda Yahyayeva: "Çox elçilər gəldi, amma mən ərə getmədim"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Sevda Yahyayeva: "Çox elçilər gəldi, amma mən ərə getmədim"

 

Müğənni Sevda Yəhyayevanın "qafqazinfo"ya müsahibəsi

- Sevda, yaradıcılığınızda nə yenilik gözlənilir?

- Yeni layihə üzərində çalışırıq. Bir həftəyə yeni klip çəkdirib təqdim edəcəyik. Hələ bu barədə danışmaq istəmirəm. Heç kəsin edə bilməyəcəyini növbəti layihəmdə edəcəyəm. Hamı hər şeyi edib, ancaq mən reallaşdırdığımı heç kəs etməyib. İnşallah, maraqlı bir layihədir. Çəkilişlər Bakıda baş tutacaq.

"Kamera qarşısında bir-birinin saçını yolur, söz atır, daha sonra isə məşhur olurlar"

- Sizi tez-tez xeyriyyə tədbirlərində görürük... Reklam üçün belə tədbirlərə qatılanlar da var.

- İnanın, bütün xeyriyyə tədbirlərində iştirak edirəm. Mənə zəng vurub deyirlər ki, xeyriyyə tədbiri var, bütün kanallar da olacaq. Belə olan halda həmin tədbirdən imtina edirəm. Çünki uşaqlara görə gəlirik, mahnı oxuyuruq. Bu cür tədbirlərdən reklam güdmürəm. Şükür Allaha ki, reklama ehtiyacım yoxdur, hər kəs məni tanıyır.

5-10 məşhur müğənni varsa, onlardan biri də mən sayılıram. Reklamı yeni mahnı, klip və layihə ilə etmək olar. Qalmaqalın özü də reklamdır, uzun müddət bundan qaçmışam. Dava etməyə maliyyə də sərf etmirsən. Kamera qarşısında bir-birinin saçını yolur, söz atır, daha sonra isə məşhur olurlar. Bu yolu seçmədim, çətinə əl atdım. İşlə gündəmdə qalmaq çox çətindir. Hər müğənni də bunu bacarmır. Yəni, xeyriyyə tədbirlərində özümü çox xoşbəxt hiss edirəm.

- Qalmaqal etmirsiz, elə bil özünüzə bir xətt çəkmisiz və həmin xətlə yolunuzu davam edirsiz. Gündəmdən düşməkdən qorxmursuz?

- Yox, qorxmuram. Əlbəttə, iş görməsəm, gündəmdən düşərəm. Mənim dayanmaq fikrim yoxdu, hər zaman axtarışdayam. Fərqli şeylər etmək niyyətindəyəm. Uğurlarım var, ancaq bununla kifayətlənib oturmuram. Demirəm ki, hamı məni tanıyır, mahnılarımı sevir, mənimki buraya qədər... Yox, qətiyyən belə bir şey yoxdur.

- Son təqdim etdiyiniz "Hadi ordan" mahnısı qalmaqala səbəb oldu. Müğənni Nigar Camal mahnını ABŞ-da aranjman etdiyiniz üçün sizi qınadı...

- Belə baxanda, biz gürcülərlə də işləyirik. Mahnını göndəririk, klipi də çəkdiririk. Necə olur ki, onlar mahnıya klip çəkə bilirlər? Nə fərqi var? Biz onların başa düşməsi üçün mahnıların sözlərini tərcümə edirik, oraya göndəririk. Gürcü rejissorlar mahnının sözlərini oxuyur, bu mahnının nədən bəhs etdiyini başa düşür və klipini çəkir. Qarşı tərəfin fikri ilə razı deyiləm. Deyir ki, xaricilər bizim üslubu anlaya bilmədiyi üçün aranjman edə bilməz. Məsələn, Amerikada bizim dili başa düşmürlər, ancaq mahnının sözlərini tərcümə edirsən, onlar da buna uyğun addım atırlar.

Mən amerikalıya deməyəcəm ki, bu mahnını azərbaycansayağı hazırla? İkincisi isə mahnı ABŞ-da aranjman olmayıb. Mahnının sözləri və musiqisi Sezgi Keskinə, aranjmanı Soner Kıvanca aiddir. Mahnını Türkiyədəki studiyada ifa etmişəm. "Hadi ordan"ın son tamamlama işləri isə ABŞ-da reallaşıb. Pop-rok heç vaxt ifa etməmişəm. İstədim ki, repertuarımda yenilik olsun. Bu dəfə başqa Sevdanın görünməyini istədim.

"Əgər pulunu sevirsə, onda bunun davamı gəlmir, alınmır"

- Sizin prodüserləriniz dəyişdikcə mahnılarınızın tərzi də dəyişir. Bunun səbəbi nədir?

- (Gülür). Pərvizlə əməkdaşlığımızdan savayı gözəl dostluq münasibətlərimiz var. Onu çox istəyirəm, onunla əməkdaşlığımız alınır, istedadlıdır və işləyən beyni var. Müğənni ilə menecerin işbirliyi o zaman uğurlu olur ki, həmin şəxs ifaçısını çox istəyir. Əgər pulunu istəyirsə, onda bunun davamı gəlmir, alınmır. Qətiyyən, prodüserlərin dəyişməyi mahnı tərzimə təsir etmir. Bu, məndən asılıdır. Ab-havamın təsiri var. Bəstəkar yanına gedirəm, mahnını ifa edirəm. O anda ifa edəcəyim mahnını hiss edirəm, oxuyuram.

- Röya Ayxanın evində çox olursuz. Hətta birlikdə seriala da baxırsız.

- Hə, bir-iki serial var ki, birlikdə baxırıq. "Kara sevda"nı izləyirik. Serialın son bölümləri elədir ki, heç ağlamırıq, gülürük. Yenə təzə başlayanda ağlayırdıq, indi isə dəyişib. Seriala "Qara Sevda" deyirik, belə ad qoymuşuq. Röya ilə vaxtımız olanda tez-tez görüşürük. Həftədə bir dəfə məhz o serial üçün bir araya gəlirik. Elə bil "Kara sevda" bizi birləşdirir. Amma son bölümləri maraqsız olub. Əvvəldən izləmişik deyə məcbur baxırıq. 

- Röya ilə yaxın rəfiqəsiz. Onun əksər mahnıları hit olur. Sizə mahnı seçimində köməklik göstərir?

- Maşallah deyin (gülür). Hə, yaxın rəfiqəyik. Mən hamıdan məsləhət alıram. Düzdür, ən son qərarı özüm verirəm. Birinci növbədə mahnımı anama qulaq asdırıram, onun rəyini öyrənirəm. Deyirəm ki, sən anam kimi yox, tamaşaçı kimi qulaq as. Bilirəm ki, mənə doğrusunu deyəcək. O qədər doğru danışmayanlar olur ki. Pis olduğu halda "yaxşı" deyənlər var. Daha sonra mahnı əla olsa da, uğur qazanmamaq üçün "pis" deyənlər var. İnsanın ən yaxını hər zaman doğru söyləyir.

- "Sevda, bu mahnı tutmayacaq"... Ananız sizə heç belə şey deyib?

- Anamın bir sözü var. Deməli, hər dəfə mahnını mənə göndərəndə anama qulaq asdırıram. 1-2 mahnıya qulaq asıb deyir ki, bala, yaxşı mahnıdır, amma hit deyil (gülür).

"Şərh yazırlar ki, kim olmusan? Mağazada çörəksatan olmusan da..."

- Qobuda boya-başa çatmısız. Həmin qəsəbəyə gedib-gəlirsiz?

- Hə, gedirəm. Orada bağ evimiz var.

- Mən bilən, çörək mağazanız da var.

- Bizim deyildi, anam orada satıcı işləyirdi. Mən də ona kömək edirdim. Orada bağçaya və məktəbə getmişəm. İndi anamın əvvəl işlədiyi mağazaya da girirəm, oradan bazarlıq da edirəm. Doğrudan, insan fərqli hisslər keçirir. O günə baxanda çox şükür edirəm. Öz üzərimdə işlədim, əziyyət çəkdim. Qazandığım uğuru heç kəs sinidə gətirib mənə təqdim etməyib. Özüm əldə etmişəm. Bəzən instaqramda şəkil paylaşıram. Şərh yazırlar ki, kim olmusan? Mağazada çörəksatan olmusan da... Mən ondan utanmıram.

Həmişə ürəkdən demişəm, hamı da bilir ki, orada işləmişəm. Bəli, satıcı işləmişəm, ayıb bir şey deyil, utanmıram. Oğurluq etməmişəm, başqa addım atmamışam. Sadəcə olaraq çörək pulumu qazanmışam. Satıcı işləmişəm, yaxşı eləmişəm. Görün haradan haraya gəlmişəm. Bu da insanlara bir örnəkdir. Nə məqsəd  qoymusansa, onu reallaşdırmaq lazımdır. Heç kim pessimist olmasın. Maaşı az olan, satıcı işləyən özünə sual verməsin ki, mən neyləyəcəm? Məqsəd qoyun, inanın, həmin məqsədinizə çatacaqsız.

- Sevda o illərə baxanda çox dəyişib?

- Şükür Allaha ki, xarakterimdə dəyişiklik olmayıb. Nə qədər yaşayacağamsa, bir o qədər də xasiyyətimdə dəyişiklik olmayacaq. Deyərdim ki, 5 il əvvəl daha çılğın idim. Hər şeyə uşaq kimi baxırdım, indi isə yaş öz sözünü deyir. İndi həyata daha real baxıram. Şan-şöhrət və uğur o demək deyil ki, özümü dəyişim.

- Həmkarlarınızdan bir neçəsi bildirib ki, bütün qohumlarına onlar baxır, problemlərini öz çiyinlərində daşıyırlar. Sizdə vəziyyət necədir?

- Məndə də belədir. Ailəmə baxıram. Qohumlarıma baş çəkirəm, bacardığım qədər kömək olmağa çalışıram. Təsəvvür edin ki, ailədə, nəsildə ən varlı mən hesab edilirəm. Mən buna sevinirəm, Allaha şükür ki, mənə yetirib. Bunu tək yemirəm, qardaşımla, ailəmlə bölüşürəm. Onlara da mən baxıram.

- "Yeni ulduz" iştirakçılarının əksəriyyəti öz ad və soyadları ilə təqdim edilir. Digərlərinin adlarının qarşısında müsabiqə iştirakçısı sözü artırılır və yaxud "Yeni ulduz Elvin", "Yeni ulduz Aygün" kimi səhnəyə çağırılır.

- Mənə yeni çıxanda "Yeni ulduz Sevda" kimi təqdim edirdilər. Zamanla hər şey düzəldi. "Sevda Yahyayeva" kimi təqdim olunmağa başladım, belə də davam etdi. Gördüyüm işlərdə, mahnılar və kliplərdə öz ad-soyadımı qeyd edirdim, bununla da həmin "Yeni ulduz" ləqəbi öz üzərimdən götürüldü. Amma bu müsabiqə həyatımda böyük rol oynadı, ilk dəfə burada səhnəyə çıxdım.

"Çox elçilər gəldi, amma mən ərə getmədim"

- Nə vaxta kimi oxuyacaqsız?

- Ölənə kimi... Gələcəyi deyə bilmərəm. Mən oxumağa hobbi kimi yox, iş kimi baxıram. Mənim arzum bu idi. Oxumağa görə çox şeylərə "yox" demişəm. Buna ailə qurmağı, ərə getməyi misal çəkə bilərəm. Məsələn, "Yeni ulduz" müsabiqəsindən sonra çox elçilər gəldi, amma mən ərə getmədim. Müğənni olmaq istəyirdim. Çox şeylərə yox demişəm, qətiyyən də peşman deyiləm. Arzuladığım arzulara çatmışam. Uşaq vaxtı hər zaman deyirdim ki, müğənni olacam, səhnəyə çıxacam. Qardaşım məni ələ salıb gülürdü.

Müğənnilərin klipləri efirdə gedəndə məni çağırırdı, deyirdi ki, sənin də belə klipin olacaq? Heç vaxt olmayacaq. Çünki biz kasıb bir ailə idik. Qardaşım düşünürdü ki, heç vaxt belə bir şeyi edə bilməyəcəyik. Mən ona cavab verirdim ki, vaxt gələcək, hər arzum reallaşacaq. İndi isə konsertlərimi, kliplərimi ona göstərirəm. Doğrudan da insan məqsəd qoymalıdır.

"Mənə şərt qoyulmuşdu ki, ailə qur, müğənni olma..."

- Müəyyən yaşdan sonra ailə qurmaq istəyəcəksiz...

- Əvvəl mənə şərt qoyulmuşdu ki, ailə qur, müğənni olma. Mən isə bu sənəti seçdim. Hər şeyin öz vaxtı var. Qismət olacaq, ailə həyatı da quracam. İnanıram ki, hər şey yaxşı olacaq. Xanım kimi çox xoşbəxtəm, işim də öz yerindədir. Ətrafımda mən istəyən insanlar var. Təklik Allaha məxsusdur.

- Hər insanı dost kimi qəbul edirsiz?

- Heç bir insanın qarşısına şərt qoymuram. Birinci növbədə sən özün yaxşı olmalısan. Özün yaxşısansa, qarşındakına da yaxşı olacaqsan. Necə münasibət görürsənsə, elə də qarşılığını verirsən. Özündə nəsə çatışmazlıq varsa, sənin də qarşına çıxacaq. Heç kəsə deməmişəm ki, mən bu cür insanam, mənə uyğunlaşmalısan. 

- Adətən tədbirlərdə sizin yerinizə bir neçə müğənninin səhnəyə çıxdığının şahidi oluruq.

- Dava edim? (gülür) Durub yerə görə dava edən deyiləm. Bəlkə, müğənni harasa tələsir? Bəlkə, mən də tələsəndə yaxınlaşıb xahiş edərəm ki, sənin yerinə mən səhnəyə çıxım. Tələsmirsəmsə, özümə niyə əl qatıram? Qoy oxusunlar, mən gözləyərəm.

- Son zamanlar xeyli çəki atmısız. Depressiyaya-filan düşməmisiz?

- Allah eləməsin, depressiyada olanda, əksinə, kökəlirəm. İdman edirəm, qidalarıma diqqət edirəm.
 
Aymobi.com

Paylaş:


Müəllif : Baxış :
95532
Tarix:
1-06-2016, 21:21
  






loading...

Oxşar Xəbərlər