Bir neçə bankın bağlanmaq təhlükəsi var » Qaynar xəbərlərin tək ünvanı

» » » Bir neçə bankın bağlanmaq təhlükəsi var

Bir neçə bankın bağlanmaq təhlükəsi var


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Bir neçə bankın bağlanmaq təhlükəsi var
Mərkəzi Bankın kommekrsiya qurumlarını ləğv etməyə, yaxud birləşdirməyə gücü çatmır
Rəşad Həsənov: «Maliyyə təşkilatlarının əksəriyyəti bir nəfərə və ya məmurlara bağlıdır ki, bu da əlavə problem yaradır»



Manatın devalvasiyasından sonra Azərbaycan Beynəlxalq Bankı ətrafında gedən «kredit» əməliyyatı bank sektorunu çətinliyə salıb. 20 ildə bu sektora xırda-xırda yaranan inam son 4 ayda itmək üzrədir. Hazırda bankların üzləşdiyi kapital çatışmazlığı onların bağlanma təhlükəsini artırıb. Artıq son bir ayda kredit və əmanət qoyuluşlarında azalma müşahidə edilməkdədir.

Banker.az-ın məlumatına görə 1 may tarixində kredit qoyuluşları 20,6 milyard manatdan 20 milyard manata qədər düşüb. Təqribən 1 ay ərzində əhaliyə verilən kreditlərin həcmində 68 milyon manat azalma var. May ayı ərzində banklarda olan əmanətlərin həcmi isə 64,4 milyon manat azalıb. Ekspertlərin hesablamalarına görə, proses ilin sonuna kimi davam edə bilər. Bunun üçün Mərkəzi Bank məcmu kapitalını ödəməyən bankları konsolidasiyasına çalışmalıdır. Əks təqdirdə, kapital çatışmazlığı iləüzləşən banklar yaxın dövrdə özləri bağlanmalı olacq. Bir neçə gün öncə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin dövlət idarəçiliyi, maliyyə və ticarət sektoru şöbəsinin direktoru Betti Uilkinson da bildirmişdi ki, Azərbaycanda bankların konsolidasiyası həyata keçirilməlidir. Onun sözlərinə görə, Azərbaycan kimi ölkə üçün 45 bank çoxdur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov «Bizim Yol»a şərhində bildirdi ki, hazırki situasiyada bankların konsolidasiyasına ehtiyac yaranıb: «İlk maliyyə böhranından sonra Azərbaycan banklarının problemləri yarandı. Onların dayanıqlığında, likvidikliyi sahəsində, eyni zamanda son 20 ildə həyata keçirilən kredit siyasətinin diversifikasiya edilməməsi kimi nöqsanlar üzə çıxdı. Bütün bunlar göstərdi ki, Azərbaycanda bank sektoru proseslərə qarşı çox həssasdır və dayanıqlı deyil. Sözügedən maliyyə təşkilatlarının əksəriyyəti bir nəfərə və ya məmurlara bağlıdır ki, bu da əlavə bir problemdir. Deməli, həmin məmur ətrafında hər hansı bir problem yaranırsa, bankın taleyi sual altına düşür».

İqtisadçının sözlərinə görə, bank sektorunda ciddi islahatların aparılması günün tələbinə çevrilib: «Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatının bundan sonrakı durumunda daralma, tənəzzül tempi davam edəcək, ilin sonuna yaxın manatın yeni bir devalvasiyası təhlükəsi meydana çıxacaq. O zaman hazırki situasiyada böyük bankların belə bağlanma təhlükəsi yaranıb. Buna görə də onların birləşdirilməsi məsələsi çox ciddi müzakirə olunmalıdır. Doğrudur, Mərkəzi Bank son 10 ildə müəyyən tədbirlərə əl atdı, bankların sayında müəyyən azalmalar baş verdi, məcmu kapitalının artırılması istiqamətində işlər gördü. Son iki ildə isə görünən odur ki, Mərkəzi Bank tələbləri yerinə yetirməyən bankları bağlamaqdan çəkinir, birləşdirməyə də gücü çatmır. Faktiki olaraq məcmu kapitalla bağlı tələb hazırda 4 bank tərəfindən yerinə yetirilmir. Mərəkzi Bank tərəfindən onların lisenziyasının ləğv edilməməsinin səbəblərindən məmurlardan çəkinməkdirsə, digər nədəni bank sektoruna dəyə biləcək zərbələrdən ehtiyatlanmadır. Düşünürəm ki, qanunlar çərçivəsində konsoldasiya olmalıdır. Yəni birləşmə elə təşkil edilməlidir ki, heç bir əmanətçinin hüququ pozulmasın. Burada söhbət tək qorunan deyil, eyni zamanda qorunmayan əmanətlərdən də gedir, onlar da dövlət tərəfindən nəzarətə alınmalıdır. Əgər banklar birləşib, güclüləri ortaya çıxacaqsa, onda xarici kapital axınını da təmin etmək asanlaşar. Bir həftə öncə Avropa Yenidənqurma və İnkişaf Bankı da bəyan etmişdi ki, Azərbaycan belə bir addım aratsa, bankların kapitallaşmasında iştirak edə bilər. Bu, həmçinin birləşmiş bankların beynəlxalq reytinqinə də müsbət təsir göstərəcək. Sonrakı dövrlərdə onların xarici maliyyə institutlarından aşağı faizli kapitallar cəlb etmək imkanları da artacaq. Bu prosesin özü əhalinin bank sektoruna inamı artar bilər, nəinki azalda».
R.Həsənov əlavə etdi ki, yaxın dövr ərzində kredit və əmanət qoyuluşlarında azalma tendensiyası davam edə bilər: «Bu gün banklar manatla kredit qoyuluşuna maraq göstərmirlər. Manatın yenidən devalvasiya təhlükəsi risklərin yaranmasına gətirib çıxarıb. Qarşıdakı dövrdə,sentyarb-oktyabr aylarında hökumət yenidən ikirəqəmli kəskin devalvasiyaya gedəcəyini düşünürəm. Çünki yüngül devalvasiyanın xərcləri daha çox olur, valyuta ehtiyatlarının əriməsinə gətirib çıxarır.
Banklar da bunu gözəl bilir, ona görə də manatla vəsait yerləşdirmək istəmirlər. Çünki bankların manatla kapital cəlbi ciddi problemə çevrilib. Əmanətlərin 60-65 faizi xarici valyutada ifadə olunur, habelə xarici maliyyə mənbələrinə ödənişlər də xarici valyutadadır. Ona görə də banklar riskləri azaldaraq kredit portfellərini xarici valyutada formalaşdırmaq istəyirlər. Vətəndaşların da manata qarşı inamı ölüb. Hər iki tərəfin marağının azlığı səbəbindən ümumi kredit qoyuluşunda azalma baş verib. Maliyyə qurumlarının zərərinin artması insanları banklardan əmanətlərini geri çəkməyə vadar edir. Bundan sonrakı dövrdə də bu istiqamətlər üzrə proseslər neqativə doğru dönəcək».

Vüsalə RÜSTƏMOVA / Bizimyol.info

Paylaş:


Müəllif : Baxış :
43232
Tarix:
4-06-2015, 11:15
  


loading...