Bundan sonra yol polisi sürücünü 3 saat gözləməyəcək » Qaynar xəbərlərin tək ünvanı

» » » Bundan sonra yol polisi sürücünü 3 saat gözləməyəcək

Bundan sonra yol polisi sürücünü 3 saat gözləməyəcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində sürücülərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı maraqlı yeniliklərdən biri də nəqliyyat vasitəsinin mühafizə olunan duracağa  – cərimə meydançasına aparılması qaydası ilə bağlıdır. Məlumdur ki, aşağıdakı hallarda sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və onun avtomobili mühafizə olunan duracağa aparıla bilər:

– dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

– nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;

– dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

– dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda;

– nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

– yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya DYP orqanının qərarı olduqda.

Hazırda qüvvədə olan Məcəllənin tələbinə əsasən yuxarıda göstərilən halların mövcud olduğu halda 3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına (cərimə meydançasına) gətirilir. Deməli, həmin səbəblərin üç saat müddətində aradan qaldırılması mümkün olduqda nəqliyyat vasitəsi duracağa aparılmır, sürücü yerində məsuliyyətə cəlb olunaraq öz nəqliyyat vasitəsini idarə etməklə sərbəst buraxılır.

Yeni Məcəllə yuxarıda sadalanan səbəblərə görə saxlanılma halında həmin səbəbin aradan qaldırılması üçün nəzərdə tutulan 3 saatlıq müddəti ləğv edir. Yəni yeni Məcəllə qüvvəyə mindikdən sonra yuxarıda sadalanan əsaslardan biri aşkar edildikdə sürücünün idarə etdiyi nəqliyyat vasitəsi hər hansı gözləmə olmadan mühafizə olunan duracağa yerləşdiriləcək.

Qanunvericiliyin belə yanaşması indiyə qədər təcrübədə yaranan bir sıra mübahisələri aradan qaldırmağa yönəlib. Əslində, indiyə qədər də dayanma səbəblərini aradan qaldırmaq üçün 3 saat yerində gözləmə nadir hadisə idi. Bu səbəbdən sürücülərin əksəriyyəti həmin hüquqlarından istifadə edə bilmədiklərinə görə müxtəlif instansiyalara çoxlu şikayətlər edirdilər. Eləcə də bu zəmində DYP əməkdaşları ilə sürücülər arasında tez-tez mübahisələr yaranırdı. Digər tərəfdən, DYP əməkdaşları 3 saat yerində gözlədikləri halda iş-güclərindən olmalarından şikayətlənirdilər. Yeni Məcəllə bu mübahisə və anlaşılmazlıqları birdəfəlik həll etməyə yönəlib.

Avtosfer.az

Paylaş:


Müəllif : Baxış :
69232
Tarix:
14-01-2016, 06:46
  


loading...