Lütfəli Abdullayev haqqında bilmədiyiniz FAKTLAR - Qızının dilindən... » Qaynar xəbərlərin tək ünvanı

» » Lütfəli Abdullayev haqqında bilmədiyiniz FAKTLAR - Qızının dilindən...

Lütfəli Abdullayev haqqında bilmədiyiniz FAKTLAR - Qızının dilindən...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Lütfəli Abdullayev haqqında bilmədiyiniz FAKTLAR - Qızının dilindən...

Aymobi.com publika.az-a istinadən bildirir ki, müsahibimiz unudulmaz sənətkar Lütfəli Abdullayevin qızı, Bakı Musiqi Akademiyasının professoru, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevadır.


- Xurşid xanım, atanız illər keçsə də, unudulmayan böyük sənətkarımzıdır. Mənim nənəm, babam, anam, atam, özüm, hətta ümid edirəm ki, övladım da onu çox sevənlər sırasında olacaq. Bəs mərhum aktyorumuz necə bir ailədə doğulmuşdu?


- Atam Şəkinin varlı tacir ailəsində dünyaya gəlmişdi. Cümhuriyyətin süqutundan sonra bütün var-dövlətləri əllərindən alınıb. Babamın xasiyyəti çox sərt olub. Elə buna görə də atam onunla yola getməzmiş. Sovet hakimiyyəti qurulandan sonra isə qəti şəkildə bildirib ki, bir gün belə işləməyəcək. Bütün yük də nənəmin üzərinə düşüb. Atamın ailəsini tanıyalar danışırdılar ki, nənəm qadın toylarına, yığıncaqlara gedər, oxuyub-oynayar, hətta xörək bişirərmiş.


- Demək istedadlı qadın imiş.


- Bəli, həm istedadlı, həm də çox gözəl və zərif qadın olub.


- Ailədə neçə uşaq olublar?


- 3 bacı, 3 qardaş.


- İndi əlaqəniz var qohumlarınızla?


- Bilirsiniz, Abdullayevlərin hamısı az ömür yaşayıblar. Heç 60-ı haqlamayıblar. Ona görə, çoxu artıq rəhmətə gedib.


- Sizcə, bu genetikdir?


- Bilmirəm, bəlkə də... Bir şeyi dəqiq bilirəm ki, hər kəsin öz taleyi və bu dünyada missiyası var. Ümumiyyətlə, tarixə nəzər salanda, görürük ki, dahi aktyorlar, icəsənət adamları ailədə sanki tənha olurlar. Atam da uşaqlıqdan incəsənətə meyl edirdi, hətta özfəaliyyət dərnəyinə gedirdi. 14 yaşı olanda Şəkiyə qastrola dram teatrının aktyorları gəlir. Tamaşadan sonra o dövrün məşhur aktyoru Əhməd Anatolluya yaxınlaşıb, deyir ki, mən də bu sənətə gəlmək istəyirəm. Əhməd bəy də cavab verir ki, bunun üçün mütləq Bakıda oxumaq lazımdır. Elə həmin il də Şəkini tərk edib, Bakıya köçür. Təhsil almaq üçün Üzeyir Hacıbəyova müraciət edir. Çünki həmin vaxt Üzeyir bəy tələbələri özü şəxsən qəbul edirdi. 3 il Konservatoriyanın Valtorna sinfində oxuyandan sonra təhsilini atıb, işləməyə başlayır.


- Niyə yarımçıq qoyur təhsilini?


- Çünki ailəsinə o baxırdı, pul qazanmalı idi. Ancaq bu barədə bizə heç vaxt danışmayıb. 1932-ci ildən 1939-cu ilədək Opera Teatrının xorunda oxuyur. Sonra isə Musiqili Komediya teatrı açılır. Elə ömrünün sonunadək də orada çalışdı.


- Bəs ananızla tanışlığı necə olub?


- Onların elə maraqlı məhəbbət tarixçəsi olub ki, bu haqda film çəkmək olar. Anam çox məşhur ziyalı ailədən idi. Parlament sədrinin müavini Həsən bəy Ağayevin nəvəsi, ilk əmək naziri Əhməd bəy Pepinovun qızı idi. Nənəm Xurşid Ağayeva Azərbaycanın ilk musiqişünas xanımı olub. Ümumiyyətlə, anamın ailəsinin hər bir üzvü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.


- Və belə bir ailədən olan qızı şəkili gənc aktyora ərə verirlər.


- Vermirlər (Gülürük). İkinci Dünya Müharibəsi dövründə incəsənət xadimləri üçün Bakıda yeməkxana açılmışdı və talonla yemək verirdilər. Özünüz bilirsiniz də, necə ağır illər olub. Nənəm Xurşid xanım isə əməkdar incəsənət xadimi idi. Öz talonunu anama verir ki, qızı gedib doyunca yemək yesin. Atam da anamı orada görüb, vurulur və ətrafındakılara deyir ki: "O qızı görürsünüz? Mən onunla evlənəcəm.” Anama yaxınlaşıb, tanış olur və bilet verib, tamaşasına dəvət edir. Anam sonralar danışırdı ki, mən tamaşaya gələndə Lütfəli bütün ailəsini gətirib, məni uzaqdan onlara gələcək həyat yoldaşı kimi təqdim etmişdi. Babam Əhməd bəy Pepinovsa 1937-ci ildə güllələnmişdi. Ona görə anama "vətən xaininin qızı” damğası vurulmuşdu. Əhməd bəyi güllələyəndən sonra Xurşid xanım məcburən yenidən ailə qurmalı olur, anamı isə nənəsi Xədicə xanım böyüdür.


- Xədicə xanım da çox ziyalı qadın olub.


- Bəli. Onun anası tatar knyazının nəslindən olub. Tağıyev o zaman Peterburq qəzetində elan yerləşdirmişdi ki, Bakıda açlıan qızlar məktəbinə müsəlman müəllimələr tələb olunur. Xədicə xanım da, məktub yazıb, bildirir ki, tatardır, müsəlmandır və ali savadlı müəllimdir. Beləcə, 1900-cü ildə Bakıya dəvət edilir. Çox aristokrat qadın olub. Anam gözünü açandan evdə fransızca, almanca danışıblar. Dayəsi də alman bonnası olub. Nə isə... Atam gəlib, Xədicə xanımdan anamı istəyir. O da qızı Lütfəliyə vermir. Anama da acıqlanır ki, ay Sevda bu nədir? Heç olmasa, dram aktyoru da deyil... Sonra 1946-cı ildə "Arşın mal alan” filmi çəkilir. Atam əməkdar artist adına layiq görülür, dövlət mükafatı alır. Şəmsi Bədəlbəylini də götürüb, anama yenidən elçi düşür. Xədicə xanım Şəmsiyə deyir ki, ay Şəmsi, sən o cür ailədənsən, utanmırsan, mənim qapıma bu məsələyə görə gəlirsən? Atam da deyir, nə olub ki, mənə? "Mən laureaNtam”. Xədicə xanım daha da hiddətlənir, deyir: "Bunun danışığına bax. Rədd olun, ikiniz də". Nə isə... evdən çıxırlar, Şəmsi də pərt olur ki, bilirdin qızı yenə verməyəcəklər, məni bura niyə gətirirdin? Atam əminliklə deyir ki, özləri çağıracaq. Belə də olur.


- Xurşid xanım, dediyiniz qədər varmış, bu hekayə...


- Siz heç eşitmisiniz ki, bir kişi qadını düz 15 il gözləsin?


- Xeyr, xüsusən də indiki dövrdə bu mümkün deyil.


- Atamsa gözlədi. Anamı Pepinovun qızı olduğu üçün institutdan da çıxartdılar, işdən də uzaqlaşdırdılar. Çox tanınmış bir ailədən olan Hacı Murad İbrahimbəyli adlı zabit anama deyir ki, mənimlə ailə qursan, sənin üçün hökumətə ağız aça bilərəm. Anam da ailə qurur, axı taleyi onun əlində idi.


- Həmin vaxtlar belə hadisələr çox olub.


- Bəli. Anam Hacı Muradla ailə qurur, amma tezliklə başa düşür ki, bədbəxt olacaq və bu insanla yaşaya bilməyəcək. Çünki atamı sevirdi. 3 ay evlilikdən sonra da qayıdır nənəsinin yanına. Xədicə xanım günlərin bir günü deyir ki, Lütfəliyə de, elçiləri göndərsin. 1957-ci ildə nəhayət ailə qururlar.


- Neçə yaşları var idi evlənəndə?


- Atamın 44, anamın 32... Mən doğulanda atamın 46 yaşı vardı. Məndən sonra da bacım Gülnarə dünyaya gəldi.


- Xədicə xanım toyda iştirak etdi?


- Yox, gəlmədi toya. Anam tərəfdən yeganə qohumu Xalidə xanım və onun nişanlısı Vasif Adıgözəlov iştirak ediblər. Toy da elə baxın bu evdə olub (sanki divarlar dil açıb təsdiqləyəcəkmiş kimi otağa göz gəzdirir).


- Demək ki, bu evdə ən gözəl xatirələriniz yaşayır. Xurşid xanım, böyük sənətkarımızın ölümündən uzun zaman keçib. Bəlkə də nələrisə unutmusunuz. Yaddaşınıza hopan günlərinizi bölüşə bilərsinizmi bizimlə?


- Dünən nə olubsa, bu gün unuda bilərəm, amma atamla keçən hər anım yadımdadır. Hətta qoxusunu da hiss edirəm. Nə deyim sizə? Çox xoşbəxt uşaqlığımız olub (kövrəlir). Böyük şəxsiyyət idi və bu hər şeydə özünü biruzə verirdi. Uşaqlarla davranışı, qohumlarla, pərəstişkarları ilə münasibəti bir başqa idi. Onun haqda bir epizod danışım sizə. Bacımla hərbi paradları çox sevərdik. Atam da səhərlər heç oyana bilmirdi. Bu onun üçün faciə idi, amma gecə neçəyə qədər istəyirsiniz oyaq qalardı. Mən də ona bənzəmişəm.


- Yaradıcı insanlara xas cəhətdir.


- Doğrudur. Nə isə... zorla oyadırdıq ki, bizi parada aparsın. Şəhərin bütün mərkəzi küçələri də bağlı olurdu, heç kimi buraxmırdılar. Atamı görən kimi hərbçilər onu əlləri üstündə, qucaqlarında keçirdirdilər. İndiki kimi yadımdadır, birinci katiblər, vəzifəli şəxslər hamısı tribunadan gəlib, özləri görüşürdülər. O, belə hörmətli insan idi və mən bunu özüm görmüşəm.


- Bəs Xədicə xanım necə, bütün bunları gördümü?


- (Gülürük) Yox görmədi, o vaxtlar dünyasını dəyişmişdi, amma sonradan çox mehribanlaşmışdılar. Hətta anam danışırdı ki, elə bilirdim, toydan sonra Lütfəli məni bir daha nənəmin yanına buraxmaz. Axı belə də olmalı idi. 15 il ona zülm vermişdi. Toyun ertəsi günü atam geyinib evdən çıxanda, anam soruşub hara gedirsən? Deyib, gedim, görüm Xədicə neyniyir. O evdən çıxan kimi anam hönkürüb ağlamağa başlayıb. Xədicə xanım ölüm ayağında anama etiraf edir ki, təəssüf Lütfəlini yaxından tanımadım.


- Bir kişidə bu qədərmi böyük ürək olar?!


- Bilirsiniz, o Xədicə xanımı anlayırdı. Biz uşaq olanda ən böyük mükafatımız teatra getmək idi. Yəni həftə ərzində özümüzü yaxşı aparsaq, dərslərimizdən yüksək qiymət alsaq, mütləq həftə sonu teatra gedirdik. Yox, nə isə anamı qane etmədisə, cəzalanıb, evdə qalırdıq. Mən də gəlirdim atamın yanına ki, sən Lütfəlisən, anama de, icazə versin, gedək. Axı görürdüm onun cəmiyyətdəki böyük hörmətini. Mənə deyirdi, anan dedisə, yox, demək yox. Həmişə fəxr edirdi anamla. Deyirdi, mən Sevdanın yanında heç kiməm. Qürurlanırdı ki, mənim həyat yoldaşım Sevda Pepinovadır. Hətta ailə quranda anama dedi ki, soyadını dəyişməyəcəksən, çünki Əhməd bəyin oğlu yoxdur.


- İndi Pepinov soyadı yaşadılır?


- Qohumlar var, amma Əhməd bəyin yeganə övladı anam idi.


- Lütfəli Abdullayevin öz anası ilə münasibəti necə idi?


- O ailə quranda, valideynləri artıq dünyadan köçmüşdü, amma anası ilə nəfəs alırdı. Anasının adı Gülarə idi, kiçik qardaşı öz qızına vermişdi bu adı. Ona görə də bacımın adını Gülnarə qoydu. Bacıma "anam" deyərdi, mənə də "bacım".


- Sizə də ana nənənizin adını vermişdilər.


- Bəli, Xurşid xanımın şərəfinə. Amma həmişə "Cana" deyirdilər. Mən də deyirdim, ay ana, adımı çağırmayacaqdınsa, niyə bu adı verdiniz mənə? Deyirdi, dilim gəlmir, kədərlənirəm. Anam ana həsrətilə yaşamışdı.


- Ananız incikli idi nənənizdən?


- Yox, yox...Anam həmişə nənəm haqda deyirdi ki, o özünü qurban verdi. Özü də elə bir insanla ailə qurmuşdu ki, məhz onun köməyilə Əhməd bəyi həbs eləmişdilər. Rafael Hüseynov bizim ailə haqda "Millətin zərrəsi” kitabını yazıb. Bu kitabı yazanda bütün məxfi sənədləri, Əhməd bəyin həbsdə ikən yazdığı və ailəsinə çatdırılmayan məktubları, bir sözlə, bütün gizli məlumatları üzə çıxardıb. Həmin Bahadur Eyvazov uzun müddət Tibb İntitutunun rektoru olmuşdu. Ömrünün sonunadək Qanköçürmə İnstitutunun direktoru vəzifəsində çalışmışdı. Ən əsası Əhməd bəy həbs olunanda onun katibi idi. İkinci əri nə Xurşid xanımı anasının, qızının yanına, nə də anamı onların evinə buraxmayıb. Ancaq ezamiyyətə gedəndə nənəm gizlincə gəlib anamı görərmiş. Çox gözəl qadın olub. 46 yaşında qan xərçəngindən dünyasını dəyişib və yalnız ölümünə 1 ay qalmış atalığı anamı onu görmək üçün evlərinə buraxıb. Buna görə, anamın ana həsrəti vardı.


- Sizi kədərləndirmək istəməzdim, Xurşid xanım. Bir az da o gözəl günləriniz barədə danışaq...


- Hər gün baxın, bu evdə böyük süfrə açılardı. Atam anamı demək olar ki, bütün işlərdən azad etmişdi. Ev işlərini görən xanımlar vardı. Bircə xörək işinə anam baxırdı, çünki atam yalnız onun bişirdiyi yeməkləri yeyirdi. Hətta bizim bir dayəmiz vardı. Bunun da çox maraqlı tarixçəsi olub. 1957-ci ildə valideynlərim yeni evlənən vaxtda, atam Molokan bağı deyilən ərazidə gecə işdən evə qayıdırmış. Bilirsiniz də, niyə oranın adı Molokan bağıdır. Molokanlar o küçədə yığışıb iş axtararmışlar. Nə isə... atam görür ki, gecə vaxtı 14-15 yaşlı bir qız bu küçədə durub. Yaxınlaşıb, deyir ki, sən burda nə edirsən? Qız da deyir, iş axtarıram, nə iş olsa, gedərəm. Özü də malakanlar çox vicdanlı olurlar, oğurluq filan bilməzlər. Qızın adı da Dusya idi. Atam Dusyanı götürüb, evə gətirir, deyir, bu gündən sən mənim qızımsan. Bacım da, mən də, çox sevirdik Dusyanı. O, bizim ikinci anamız idi.


- Ailə qurmamışdı?


- Biz onun toyunu da etmişdik, amma öz övladı olmadı, təəssüf ki... Yatağa düşəndə isə bu evə gəldi. Dünyasını burada dəyişib. Özü də ölümündən əvvəl vəsiyyət elədi ki, məni müsəlman qəbristanlığında basdırın. Quran oxunsun, halva çalınsın, aş bişirilsin. Biz də hamısını etdik.


- Xurşid xanım, ananız atanızın böyük məhəbbətinin qarşılığını verə bildi sizcə?


- Onlar bir-birini çox sevirdilər, hörmətlə yanaşırdılar. Heç bir dəfə də mübahisə etdiklərini görmədik. Sonralar deyirdim, ay ana, sizin heç sözünüz çəp gəlmirdi? Dedi, niyə gəlmirdi, sizin yanınızda göstərmirdik. Gedib, otaqda gizlin həll edirdik məsələmizi. Anam özü alman dili üzrə professor idi. Xarici Dillər Universitetində kafedra müdiri kimi çalışırdı. Danışırdı ki, bir dəfə Lütfəli ilə yasa getmişdik. Biz girən kimi cənazə unuduldu, hər kəs onu görüb, gülməyə başladı. Bu hadisədən sonra özümə söz verdim ki, bir daha Lütfəli ilə birgə yas məclislərinə getməyəcəm.


- Çox böyük məhəbbətin əsərisiniz. Bəs sizin rastınıza atanız kimi ömür yoldaşı çıxdı?


- Yox, çıxmadı... Sözün düzü, axtarmadım da... Mən əsl sevgini görmüşdüm deyə, bu model şüuraltı beynimə hopmuşdu. Ona görə, adi münasibətlərə razı olub, ailə qura bilməzdim. Mənim ailəm bacımdır, o mənim həyatımdır. Onun övladlarıdır. Sadəcə, barışmadığm tək şey atamın vaxtsız ölümüdür. O, çox tez getdi əlimizdən. Cəmi 59 yaşı var idi dünyadan köçəndə. Mənsə 14 yaşında idim. Baxın, indi sizinlə danışıram onun haqqında, hələ bir neçə gün özümə gələ bilməyəcəm.


- Məqsədim sizi üzmək deyil. Lütfəli Abdullayev ölümsüz sənətkardır. Onu tez-tez xatırlatmalıyıq xalqımıza. Elə Nəsibə Zeynalova ilə olan duetləri aktyorluq sənətində yeni bir nəfəs idi, hələ də bu cütlüyü təkrarlayanlar var. Bəs bu duet necə yaranmışdı?


- Elə teatrda. Bilirsiniz, onlar hər ikisi öz peşələrinin mahir biliciləri idilər. Çox gözəl yumor hissləri vardı. Bir-birini tamamlayırdılar. Atam digər bir neçə aktrisa ilə də səhnəyə çıxırdı, tərəf müqabili olurdu, amma onun replikasına bədahətən cavab verə bilmirdilər. Nəsibə xanımla isə hər şey ideal idi. Onların səhnədəki improvizələri rejissorları da heyran edirdi. Hətta Sabit Rəhman hansısa tamaşanın premyerasından sonra onlara yaxınlaşır ki, bu mətni növbəti tamaşada da təkrarlaya bilərsiniz? Deyirlər ki, yox. Gələn dəfə başqa mətn olacaq. Nə bir ləhcə vardı, nə açıq-saçıq biədəb sözlər... Amma hər kəs bu cütlüyü çox sevirdi.


- Xurşid xanım, ölməz aktyorumuz haqda günlərlə danışardım sizinlə, ancaq söhbətimizi yekunlaşdırmalıyıq. Atanızla bağlı bir xatirənizi də bölüşün.


- Bir dəfə gecə idi. Anamla eyvanda durub, atamın işdən dönməyini gözləyirdik. Gördük uzaqdan gəlir, başında da papaq var idi. Arxadan bir oğlan gəlib, papağını götürdü, qarşıya qaçanda dönüb baxdı, atamı tanıdı, papağı başına qoyub, dönə-dönə üzr istədi. Biz də hər şeyi görürdük, dedik, niyə cəzalandırmadın? Cavab verdi ki, axı qaytardı papağımı. Bir müddət sonra atam dünyasını dəyişdi və həmin oğlan bizim evə gəldi ki, bəs mən papağı oğurlamaq istəyən adamam. Hətta yas məclisində dostları ilə birgə hər gün dalbadal xidmət işlərini gördü. Baxın, Lütfəli Abdullayev belə sevilirdi.

Lütfəli Abdullayev haqqında bilmədiyiniz FAKTLAR - Qızının dilindən...


Paylaş:


Müəllif : Baxış :
16232
Tarix:
19-12-2017, 17:51
  


loading...

Oxşar Xəbərlər