Unudulmaz aktyorun doğum günüdür - FOTOLAR » Qaynar xəbərlərin tək ünvanı

» » Unudulmaz aktyorun doğum günüdür - FOTOLAR

Unudulmaz aktyorun doğum günüdür - FOTOLAR


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Unudulmaz aktyorun doğum günüdür - FOTOLARSevimli aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər.

Lakin haqqında söhbət açmaq istədiyim mərhum sənətkarımız, anadan olmasının 84-cü ildönümünü qeyd etdiyimiz Azərbaycanın Xalq Artisti Hacıbaba Bağırov isə demək olar ki, yaratdığı bütün obrazlarla yaddaşlara əbədi həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri vardır. Bu yeri o, heç şübhəsiz, öz sənətkar istedadının, ilhamının qüdrəti ilə fəth edib.

Çox maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun həyat yolu heç də hamar olmayıb. Uşaq ikən pionerlər sarayındakı dram dərnəyində çalışıb. Görkəmli rejissor Adil İsgəndərov onu "Vaqif”də Vidadi rolunda görəndən sonra teatr studiyasına dəvət edib. Hacıbaba Bağırov görkəmli teatr xadiminin rəhbərliyi altında aktyorluq sənətinin sirlərini öyrənib. Hələ uşaqlıqdan sevib-seçdiyi sənət onun qanına hopub. Sonra teatr fəaliyyətini Lənkəranda və Gəncədə davam etdirib.

Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub.
 

Unudulmaz aktyorun doğum günüdür - FOTOLAR

 

Doğrudan da Hacıbaba Bağırovun əsl sənətkar kimi formalaşması, tanınması 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dəvət aldıqdan sonra başlayıb. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməsinə və populyarlıq qazanmasına böyük təsiri olub.


Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri də tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları canlandırdığı obrazlar vasitəsilə açmaq məharəti idi. Dərin milli koloriti ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından birinə çevirib. Cəmiyyətin mənəvi saflaşması yolunda çalışan sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi gördüyü işlər isə onun nadir istedadının yeni mühüm çalarlarını meydana çıxarıb.

 

Unudulmaz aktyorun doğum günüdür - FOTOLAR

 

Aktyor səhnə fəaliyyəti ilə yanaşı, Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini verib. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunub və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilib.


Hacıbaba Bağırov ilk dəfə 1964-cü ildə rejissor Ağarza Quliyevin "Ulduz” musiqili kinokomediyasında çəkilərək, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaradıb. Aktyor müsahibələrinin birində bu rolu barədə belə deyib: "Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənim üçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı ekranlaşdıracaqlar, çox həyəcanlandım. Əvvəla, mən heç zaman filmə çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı. Film ekranlara çıxanda qanadım olsaydı, uçardım. İlk dəfə idi ki, öz oyunuma oturub kənardan baxa biləcəkdim. Doğrudan da, "Ulduz” mənim aktyorluq fəaliyyətimə, aktyor asimanıma əsl ulduz bəxş elədi. Möhsün rolunun uğurunun başlıca səbəbi obrazın mənə yaraşması idi”.

 

Unudulmaz aktyorun doğum günüdür - FOTOLAR

 

Hacıbaba Bağırovun "Ulduz”da Möhsün, "Mehman”da Arif, "Onun bəlalı sevgisi”ndə Qaraxalov, "Alma-almaya bənzər”də Məmmədəli, "Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. Bu obrazlara baxıb sənətkarın "Teatr, kino mənim həyatımdır” deməsinə haqq qazandırmaq olar. /azertag.az/


Paylaş:


Müəllif : Baxış :
49232
Tarix:
12-06-2016, 11:49
  


loading...