Qəbristanlıqdan gül dərən qıza... » Qaynar xəbərlərin tək ünvanı

» » Qəbristanlıqdan gül dərən qıza...

Qəbristanlıqdan gül dərən qıza...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Qəbristanlıqdan gül dərən qıza...

 

Burda talelər yatır,

həyatdan umulu,

dünyadan umulu...

Burda arzular yatır..-

gözləri yumulu...

Ürəklər var..,

açılmamış qönçə kimi bükülüb...

Barmaq-zanbaqların nəvazişi

qayıdıb öz "ovcuna" tökülür...

Bu süsənlər bir gəlinin

torpağa çalan qoşa hörükləridi...

Baş daşında alın yazısı..-

gedənlərin bir ömürdən

seçib götürdükləridi...

Qəbirlər var,bir boyda,

bir biçimdə...

Hamısı da yaşayıb 

bir su içimdə...

Birinin nakam qalan sevgisidi..-bənövşə, açılıb...

birinin sinəsinə əzabları

qaratikan kimi sancılıb...

Bu güllər bəlkə də 

ağır günlərdə yaşayan bir ananın

tərsinə yozduğu yuxudu...

Burda zaman insanları

torpaq dilində oxudur...

Bu gülləri ata versən at yeməz,

itə versən iyləməz...

Bu güllərin dili yoxdu,

İnləməz qız...inləməz...


              ***


Demək istədiyim qalıb yarıda,

Baxıb gördüklərim oxunub çoxdan...

Elə əvvəlkidi adamları da

Elə əvvəlki tək var olur yoxdan...


Elə əvvəlki tək deyib-güləyən,

İnsanlar eləcə ağlağandılar...

Çətinə düşəndə ruzi diləyən,

Ovuna çatanda çalağandılar...


Allahım,Sən mənim həvəsimə bax...

Nəfsimi yaşadan nəfəsimə bax..

Bu insan selində qəfəsimə bax...

Bir qaya üstündə,bir çiçək altda...-

Yerimi gəzirəm çıxıbmı yaddan...?


Allahim,qarışqa yuvasına bax...

Sən haqla nahaqqın davasına bax...

Naqisin min illik qəhqəhəsinə,

Acizin yaşamaq xülyasına bax...

Qorxağın "Koroğlu" havasına bax...


Çək öz qılıncını başıma yendir..

Ruhumu silkələ,ruhumu dindir...


Demək istədiyim qalıb yarıda,

Baxıb gördüklərim oxunub çoxdan...

Elə əvvəlkidi adamları da,

Elə əvvəlki tək var olur yoxdan..


                   ***

Hacıleylək gözüm səni itirməz daha.

Uçuşundan səadət də qoxuyur hərdən...

Bu çöllüklər Məcnunluğu götürməz daha..-

Ürəyimiz başqa didə oxuyur hərdən..


Hacıleylək.hacılığın yaxşıdı elə.

Çox ötmüsən bu zamandan,bu axan vaxtdan.

Sənin üçün tale verən naxışdı elə,

Çapalayan balıqları dənlə bu arxdan...


Çox sınadım.."şər deməsən,xeyr gəlməzi"

Hacıleylək.bu yolları bürkümü tutub..?

Müvəqqəti gələsilər getsin gəlməsin..-

Müvəqqəti gedəsilər yükünü tutub...


Sənin üçün yer də vətən.göy də vətəndi

Qışa düşdün,vətəndə də qəribsən demək...

Qəfilliklər birdən gəlib.birdən ötəndi

Söküb,tökən leysanları görübsən demək...


Bu göydəki sonsuzluğa aldanma çox da

Yersiz o öz məqamını saxlayan deyil...

Boynundakı ucalıqda daldanma çox da,

Bəlaların qapısını bağlayan deyil...


Hacıleylək,itib,batıb Zümrüd quşları

Ehh,nə bilim,bəlkə elə mənimçün yoxdu..

Qanadların xatırladır ağappaq qarı,

Yorğanını çək üstümə,mənə soyuqdu...


Hacıleylək sən də elə köçəri quşsan..

Mən də elə sənin kimi,köçəri adam..

Uşaqların hay-küyündən perikib uçsan,

Böyüklərin qəzəbini çətin ovudam...

 

 

Əbülfət Novruz 

 


Paylaş:


Müəllif : Baxış :
51332
Tarix:
1-04-2016, 17:07
  


loading...